|
Baş səhifə / Bank haqqında |
Biz daşıdığımız korporativ vəzifə və məsuliyyəti dərk edirik və bunları gerçəkləşdirmək, deyilənlərə əməl etmək işinə sadiqik. Qarşımızda duran məqsəd çalışdığımız yerlərdə ətrafımıza son nəticə etibarı ilə müsbət təsir və dəyişikliklər gətirməkdən ibarətdir. "Amrahbank"ın korporativ sosial məsuliyyəti müştərilər, əməkdaşlar, tərəfdaşlar, səhmdarlar və ümumilikdə cəmiyyət qarşısında Bankın daşıdığı vəzifələrin əksidir.
Biz fəaliyyətimizdə Bankın idarə olunmasında ən yüksək standartlara, ən mükəmməl etik prinsiplərə riayət edirik; müştərilərimizə onların tələbatına uyğun gələn məhsul və xidmətləri təqdim edirik və bütün müştərilərə eyni münasibət bəsləyirik; ən bacarıqlı işçiləri Banka cəlb edirik və onların peşə inkişafına sərmayələr yatırırıq; çalışdığımız yerlərdə əhalinin müxtəlif tələbatlarını ödəməyə çalışırıq və fəaliyyətimiz nəticəsində ətraf mühitə dəyə biləcək hər hansı mənfi təsirin səviyyəsini minimuma endirməyə səylər göstəririk.
Bizim biznes modeli üçün müştəri məmnunluğu baş amildir. Bu Bizə imkan verir ki, diqqətimizi şəffaf, ədalətli və səmərəli, keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasına yönəldək. Müştərilərimiz ilə sıx təmas onların ehtiyaclarını daha dəqiq başa düşməyə, onların tələbatını ödəməyə imkan yaradır.
Həmçinin qəbul edirik ki, müştərilərimizin etimadını qazanmaq işində heç də kiçik olmayan rol işçilərimizin bilik, bacarıq və təcrübəsinə, onların işlərinə can yandırmasına bağlıdır. Məhz bu səbəbdən Biz əməkdaşlarımızın iş yerində nümayiş etdirdikləri səyləri dəyərləndirir, onların əla işçi olmaq arzularını dəstəkləyir, öz növbəmizdə onlara imkan və şərait yaratmaq üçün vaxt, resurs və müvafiq təlimlərin təşkili işində səylərimizi əsirgəmirik. Biz bütün əməkdaşlara eyni mövqedən, onların cinsi, irqi, yaşı, dini, milliyyəti və ya fiziki qüsurlarına baxmayaraq eyni cür yanaşırıq. Amrahbank işçilərinin də Bank qarşısında duran dəyərlərə hörmətlə yanaşmasına xüsusi önəm verir və Bank ilə işçilər arasında bu sahədə qətiyyətlə demək olar ki, tam bir anlaşma mövcuddur.
Bank qəbul edir ki, onun fəaliyyətinin müəyyən istiqamətləri çalışdığımız mühitə təsir ilə müşayiət oluna bilər və bu səbəbdən Biz bu təsirin yumşaldılması ilə əlaqədar bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edirik.
Korporativ Sosial Məsuliyyət çərçivəsində Amrahbank Ramazan ayında uşaqların tərbiyə aldığı 2 internat evinə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkmişdir.
|
|
|